Home » 2014 » Oktyabr » 5 » Bu payızın dəbi nədir?
11:31 AM
Bu payızın dəbi nədir?

 

Qadınlar hər zaman cəzbedici, gözəl və dəbli görünməyi arzulayırlar

 

Elə bu səbəbdən də çox zaman modayla ayaqlaşmağa çalışırlar. Yeni makiyaj texnikaları, dəbə uyğun rənglər, geyim tərzi ilə dəbli görünə bilsələr də, dəb hər qadını özəl və gözəl göstərmir. Çünki dəb sənə yaraşandır. Qadınlarımız isə çox zaman buna fikir vermir. Bəziləri nəyi varsa onu geyinir, bəziləri isə ona yaraşmayan dəbli, brend geyimlərə üstünlük verir.

 

Artıq dünya dizaynerlərinin 2014-2015 payız-qış kolleksiyaları nümayiş etdirilib. Modelyer Nigar Qurbanovanın sözlərinə görə, bu il dizaynerlər kolleksiyalarında isti rənglərə daha çox yer ayırıblar. Tünd göy, mavi rəngin çalarları, qırmızı, yaşıl rəngin çalarları və qırmızı rəng bu il kolleksiyalarda üstünlük təşkil edir.

 

Dizaynerlər kolleksiyalarında qadınları incə və romantik göstərən 60-cı illər modasına da yer ayırıblar. "2014-2015 payız-qış modasının ilham qaynağı 1960-cı illərin paltar modelləridir. Bu qış triko corab, şalvar, "vodolaska" və jiletlər, rəngarəng sintetik kürklər, ispan şalvarları və 60-cı illərin tərzini xatırladan yeni geyimlər xanımlara təqdim edilib. Bu il qısa ətəklər, etnik naxışlı, qar dənəli, maral şəkilli jaket və jiletlər dəbdə olacaq. Demək olar ki, bu ilin dəbində kürklərə o qədər də yer ayrılmayıb. Bu qış mavi, göy, qırmızı, yaşıl, cökə yaşılı, tünd yosun yaşılı, zümrüd yaşılı, narıncı, tünd boz, dəniz mavisi rəngləri dəbdə olacaq".

 

Bu il cins geyimlər hər zaman olduğu kimi yenə dəbdə olacaq. Cinsin mavi, qəhvəyi və yaşıl çalarları cins geyim sevənlərə təqdim olunacaq.

 

Bu il ayaqqabı modasında rahat düzdabanlı çəkmələr, əsgər botlarına bənzəyən ayaqqabılar, platformalar, nazik-mismar daban ayaqqabılar yer alıb. Bu il ayaqqabı modasında ankle botlar - yəni topuqda bitən botlar dəbdə olacaq. Bu botlar 60-cı illər modasına uyğunlaşdırılıb. Bu ilin ayaqqabı modasında ağ rəng üstünlük təşkil edəcək. Ötən illərdə olduğu kimi rezin botlar da xanımların seçiminə veriləcək. Bu il ayaqqabı modasında qırmızı rəngin çalarları da yer alıb.

 

Ayaqqabılar üzərində də zebra, ilan, pələng naxışları üstünlük təşkil edir. Yəni bu qış heyvan naxışlarına gözümüzü öyrəşdirməliyik.

 

Xanımları maraqlandıran digər məsələ ilin makiyaj dəbidir. Vizajistlər öz kolleksiyalarında yadda qalacaq yeniliklərə üstünlük veriblər. Vizajist Nərminə Rüstəmova deyir ki, bu il gözlər və dodaqları ön plana çıxaracaq makiyaj texnikalarına daha çox yer ayrılıb. Hər il gözləri ön plana çıxarmaq üçün qara göz kölgələrinə üstünlük verilirdi, bu il isə fərqli olacaq: "Bu il makiyaj dəbində göy və mavi rəngin çalarlarına daha çox yer ayrılıb. Rəngli göz kölgələri ilə gözləri diqqət mərkəzinə çəkə bilərsiniz. Bu ilin makiyaj modasında etnik görünüşə də yer ayrılıb. Etnik görünüş sadə makiyajdır. Bu makiyaj üçün mis, qızılı və qəhvəyi rəngin çalarlarından istifadə edə bilərsiniz".

 

Bu ilin makiyaj modasında cəzbedici kirşanlar da dəbdədir. Sadə makiyaj edib, almacıq sümüklərini ortaya çıxarmaq bu ilin dəbidir. Uzun süni kirpiklər də bu ilin makiyaj modasında öz yerini alıb. Gözlərinizi daha cəzbedici göstərmək üçün gözlərin üzərinə fosforlu göz qələmləri çəkə bilərsiniz.

 

Bu ilin makiyaj modasında da qırmızı rəng dəbdədir.

 

Bəzən xanımlarımız imkanından asılı olmayaraq dəbli, brend geyimlər geyinməyə çalışırlar. Elə düşünürlər ki, brend geyinmək dəblə ayaqlaşmaq deməkdir. Əslində isə insan özü brend yaratmalıdır. Yəni geyiminin nə olmasından asılı olmayaraq gözəl görünməyi bacarmaq lazımdır.   (ekspress)

Baxış Sayı: 441 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar