Home » 2014 » Oktyabr » 7 » Sirli yoxaçıxmalar və ya paralel dünyalar müəmması
9:27 PM
Sirli yoxaçıxmalar və ya paralel dünyalar müəmması
Elm və texnikanın sürətlə inkişaf etməsinə baxmayaraq, günümüzdə hələ də qəribə və izahı mümkün olmayan hadisələr baş verir. Hər dəfə də belə hadisədən sonra tanınmış tədqiqatçı alimlər: “Bizim bildiklərimiz bu sirli hadisələrin mahiyyətini anlamağa və onu izah etməyə imkan vermir”,- deyə çarəsiz halda söylənirlər. Bu baxımdan elm və texnika sahəsində yeni inqilabların gözlənildiyi 21-cı əsrin ilk illəri də bəşər övladının hər gün rast gəldiyi sirli hadisələri aça bilməsi üçün kifayət etməyib. Hələlik, rast gəlinən belə hadisələr içərisində daha çox diqqəti çəkən insanların yaxın tanışlarının və ya qohum-əqrəbalarının sirli şəkildə yoxa çıxmasıdır...
 
Berzinşin müəmması
 
2005-ci ilin iyul ayının-5-də Latviyanın paytaxtı Riqa şəhərinin sakini, 35 yaşlı mühəndis Edvard Berzinş çörək almaq üçün yaşadığı evdən çıxdı. Çörək mağazası ilə onun evinin arası cəmisi 50 metr idi. Amma üstündən 3 saatdan da artıq vaxt ötməsinə baxmayaraq, Berzinş evə qayıtmadı. Dərhal bununla bağlı polisə məlumat verildi. Polis isə bütün şübhəliləri nəzarət altına aldı. Şəhərə giriş və çıxış sərt şəkildə nəzarətə götürüldü. Buna baxmayaraq, Berzinşi “gördüm” deyən olmadı. Sanki belə bir adam əvvəlcədən yerli-dibli yox imiş. Berzinş çörək dalınca evdən çıxarkən hələ gün batmamışdı və hava da olduqca günəşli idi. Ona görə də bəzi adamlar, o cümlədən yaxınları tərəfindən Berzinşin küçəni keçərkən hansısa maşın tərəfindən vurulması və ya mübahisə nəticəsində öldürülməsi barədə irəli sürülən ehtimallar polis tərəfindən ciddi qəbul edilmədi. Çünki belə bir iş olsaydı, baş verən hadisənin şahidləri mütləq olardı. Digər tərəfdən də, Berzinş olduqca mülayimxasiyyətli və hamı ilə dil tapmağı bacaran bir adam idi. O, heç kimlə də münaqişədə deyildi və işlədiyi kollektivdə və qonşuları arasında xüsusi hörmətə malik idi. Ona görə də onun kiminləsə şəxsi ədavətə görə öldürüldüyünə inanmaq çətin idi. Polis bu yoxaçıxmanı izah edə bilməyərək çaşıb qaldığı bir vaxtda gözlənilmədən Berzinşin qonşusu polisə müraciət etdi. O, Berzinşin yoxa çıxmasını 12 yaşlı oğlu İnqmarın  gördüyünü söylədi. Polis dərhal İnqmarı sorğu-suala tutdu. Məlum oldu ki, çörək mağazasından bir neçə metr aralıdakı bağda velosiped sürən İnqmar hər gün rastlaşdığı Eda dayının ona tərəf gəldiyini görərək, onunla salamlaşmaq istəyib. Amma İnqmarın salamı ağzında qalıb. O, Eda (Edvard) dayının yavaş-yavaş havaya qalxdığını görüb. İnqmarın dediyinə görə, sanki Eda dayı havada buxarlanırdı. Polis, əvvəlcə, İnqmarın söylədiklərinə şübhə ilə yanaşdı. Çünki İnqmarın valideynləri hadisə barədə polisə gec məlumat vermişdilər. Amma valideynlər bunun səbəbini uşağın söylədiklərinə inanmadıqları və axtarışların sonunu gözlədikləri ilə izah etdilər. Buna baxmayaraq, polis Berzinşin ölümündə İnqmarın valideynlərindən şübhələnərək, onlar barədə dərhal təhqiqata başladı. Amma Berzinş yoxa çıxdığı vaxt şübhə altına düşən qonşular işdə olmuşdular və baş verən müəmmalı hadisədə onların əli olması inandırıcı görünmürdü. Nəhayət, İnqmarın Berzinşin yoxa çıxması ilə bağlı söylədiklərinin həqiqətə uyğun olub-olmamasını yoxlamaq üçün həmin vaxt bağda istirahət edən digər uşaqlar da sorğu-suala tutuldular. Məlum oldu ki, daha bir neçə uşaq Eda dayının müəmmalı şəkildə havada yoxa çıxmasının şahidi olub  və bu barədə evdə valideynlərinə danışıblar. Lakin polisdə lüzumsuz sorğu-suala cəlb edilməmək və şübhə altına düşməmək üçün uşaqların valideynləri susmağa üstünlük veriblər. Beləliklə, Eda dayının sirli şəkildə havada yoxa çıxması təsdiqləndi. Məsələni araşdırmaq üçün prosesə cəlb edilən tanınmış tədqiqatçılar isə belə hadisələrin hər il baş verdiyini və bunun səbəbinin izahı olmadığını bildirdilər.
 
Kanadalı fermer də yoxa çıxdı
 
Analoji hadisə ötən il Kanadanın Kvebek əyalətində baş verib. Əyalətdəki fermerlərdən biri inəkləri su içmələri üçün yaxındakı çaya aparıb. Bir azdan inəklər geri qayıdıb, fermerdən isə səs-soraq çıxmayıb. Fermerin övladları dərhal axtarışa başlayıblar. Nə üçünsə inəklərdən bir neçə metr aralıdakı təpənin üstünə çıxan fermer, görünür, oradan da yoxa çıxmışdı. Təpənin üstündə fermerin ayaq izləri və bir də cib telefonu qalmışdı. Lakin texniki cəhətdən heç bir qüsuru olmamasına baxmayaraq, cib telefonunu işə salmaq mümkün olmadı. Çayın dayaz və onun insanı axıtma gücünə malik olmaması fermerin suda boğulmasının qeyri-mümkün olduğunu göstərirdi. Hadisə yerinə iz axtaran xüsusi itlər gətirildi. İtlər təpənin üstünə qədər gedərək burada izi itirdilər və sonra onlar ətraf havanı qoxulayaraq zingildəməyə başladılar. Belə başa düşmək olar ki, kanadalı fermer də Berzinşin taleyini yaşayıb.
 
Müəmmalı yoxaçıxmalar davam edir
 
Qeyd edək ki, insanların müəmmalı şəkildə yoxa çıxması ilə bağlı minlərlə məlumat mövcuddur. Belə müəmmalı hadisələr, demək olar ki, dünyanın əksər ölkələrində baş verir. Keçmiş SSRİ-də təkcə ötən əsrin 70-80-ci illərində 85 min nəfər müəmmalı şəkildə yoxa çıxmışdı. Araşdırmalar zamanı insanların yoxa çıxmalarına sirri açılmaz görünən qəribə hadisələrin səbəb olduğu aşkar edilmişdir. Amma o vaxt SSRİ-də bunlarla bağlı susmağa üstünlük verilirdi. Çünki Moskvada belə hadisələr barədə yayılan məlumatların ölkə daxilində həyəcan doğura biləcəyindən ehtiyat edirdilər. Məsələn, 1973-cü ildə leninqradlı (indiki Sankt-Peterburq) üç tələbə Krımda istirahət edərkən müəmmalı şəkildə yoxa çıxdı. Tələbələr kirayədə qaldıqları evdən çıxaraq yaxındakı dayanacaqda onları gözləyən qızlarla görüşməli idilər. Amma qızlar nə qədər gözləsələr də, tələbələr gəlib çıxmadılar. Tələbələri küçədə dayanacağa gedərkən görənlər də tapıldı. Amma onların necə yoxa çıxdıqları bu günə kimi sirr olaraq qalır. Digər oxşar hadisə 1965-ci ildə amerikalı texnik Karl Robert Dişlə əlaqədar baş vermişdi. Antarktidadakı elmi tədqiqat stansiyalarından birində işləyən 26 yaşlı Diş mayın 7-də barakdan çıxaraq yaxınlıqdakı digər baraka getmək istədi. Barakdan çıxmazdan əvvəl, o bu barədə radio  ilə dostlarına məlumat verdi. Amma Diş bir neçə dəqiqəlik məsafədə olan qonşu baraka gedib çıxa bilmədi. Dərhal ABŞ hərbi hava qüvvələri axtarışa cəlb edildi. Lakin bir neçə həftə davam edən axtarış heç bir nəticə vermədi. Yeri gəlmişkən, deyək ki, insanların müəmmalı şəkildə yoxa çıxdıqları bir neçə təhlükəli ərazilər var. Onlardan biri ABŞ-ın Kaliforniya ştatındakı meşə massivi hesab edilir. 280 min hektar ərazisi olan bu massivdə  dəfələrlə insanlar yoxa çıxıblar. Şahidlərin söylədiklərinə görə, hər 4-5 ildən bir massivdə istirahət edənlərdən kimsə göz qabağındaca yoxa çıxır. Hələlik, alimlər belə hesab edirlər ki, müəmmalı şəkildə yoxa çıxanlar bizə məlum olmayan və ya bizə paralel olan digər zonalara düşürlər. Belə ehtimal edilir ki, hansısa məqamda paralel şəkildə fəaliyyət göstərən zonaya tunel açılır və insanlar bu tunel tərəfindən cəzb edilirlər.
Baxış Sayı: 395 | Əlavə edən: Elvin07 | Qiymətləndirmə: 0.0/0
Bütün şərhlər: 0
avatar